Səhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layihə həyata keçirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Antena3” məlumat yayıb.
Çin 1978-ci ildə səhralaşmanın qarşısını almaq, kənd təsərrüfatı torpaqlarını və yaşayış məntəqələrini qum fırtınalarından qorumaq məqsədilə “Böyük Yaşıl Divar” layihəsinə start verib. Proqram ölkənin 13 əyalətini əhatə edir və 2050-ci ilədək başa çatdırılması nəzərdə tutulur.
Layihə çərçivəsində yalnız ağaclar əkilmir, həm də qumlu ərazilər möhkəmləndirilir, torpaqlar bərpa olunur və quraqlığa davamlı bitkilərdən istifadə edilir.
Proqramın ən böyük nəticələrindən biri Taklamakan səhrasının ətrafında yaradılan 3046 kilometrlik yaşıllıq zolağıdır. 2024-cü ilin noyabrında tamamlanan bu işlər nəticəsində qovaq, saksaul və yulğun ağaclarından ibarət təbii maneə formalaşdırılıb. Yaşıllıq zolağı qumun hərəkətini zəiflədir, küləyin təsirini azaldır, vahələri və kənd təsərrüfatı ərazilərini qoruyur.
Çin hakimiyyətinin məlumatına görə, ölkədə bərpası mümkün olan torpaqların təxminən 53 faizi artıq müxtəlif ekoloji tədbirlərlə əhatə edilib. Bununla belə, su çatışmazlığı və quraqlıq layihənin qarşısında ciddi maneə olaraq qalır.
Afrikada 7 min kilometrlik layihə
Çinin təcrübəsindən yararlanmaq istəyən Afrika İttifaqı 2007-ci ildə özünün “Böyük Yaşıl Divar” təşəbbüsünü irəli sürüb. Layihə Saxara səhrasının cənub sərhədi boyunca, qitənin qərbindən şərqinə uzanan təxminən 7 min kilometrlik ərazidə torpaqların bərpasını nəzərdə tutur.
Təşəbbüs yalnız meşə zolağının salınmasından ibarət deyil. Buraya ağac və kol əkilməsi, otlaqların bərpası, su ehtiyatlarının qorunması və kənd təsərrüfatının inkişafı da daxildir.
Bu istiqamətdə Çinlə əməkdaşlıq edən ölkələrdən biri Mavritaniyadır. 2017-ci ildən etibarən çinli mütəxəssislər bu ölkədə qumlu ərazilərin möhkəmləndirilməsinə və ətraf mühitin monitorinqi texnologiyalarının tətbiqinə dəstək verirlər.
2025-ci ilin iyununa qədər birgə proqram çərçivəsində 100 hektar qumlu ərazinin sabitləşdirildiyi, 4 hektar sahədə isə vahələr yaradıldığı bildirilir. Bundan başqa, 45 yerli mütəxəssis təlim keçib, layihə 120 iş yerinin açılmasına imkan yaradıb. Tərəflər gələcəkdə 10 min hektar ərazidə meşəbərpa işlərinin aparılmasını da razılaşdırıblar.
Günəş enerjisi səhralaşmaya qarşı
Mavritaniyada səhralaşma ilə mübarizədə müasir texnologiyalardan da istifadə olunur. Ağıllı suvarma sistemləri, günəş enerjisi ilə işləyən nasoslar və qumun hərəkətini məhdudlaşdıran xüsusi neylon torlar bu tədbirlərin əsas elementlərindəndir.
Yerli tingliklərdə morinqa kimi quraqlığa davamlı bitkilər yetişdirilir. Mavritaniya Ekologiya Nazirliyinin məlumatına görə, günəş enerjisi ilə işləyən suvarma sistemlərinin tətbiq olunduğu texnoloji parkda əkilən tinglərin 90 faizindən çoxu tutub.
Bununla belə, mütəxəssislər Çində əldə olunan nəticələrin Afrikada eyni formada təkrarlanmasının mümkün olmadığını vurğulayırlar. Çünki regionların iqlimi, torpaq quruluşu və su ehtiyatları fərqlidir. Su resursları nəzərə alınmadan kütləvi ağacəkmə işlərinin aparılması isə gözlənilən nəticənin əksinə, ekoloji problemləri daha da dərinləşdirə bilər.



