00:00 · 09.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
UEFA Çempionlar Liqası: “Real Madrid” “İnter”i, “Mançester Siti” isə “Portu”nu üstələdiAllahşükür Paşazadənin özəl təyyarəsi var imiş… – VİDEOKİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıbİranın ətrafında 230 qırıcı hazır vəziyyətə gətirildi – ABŞ NƏYƏ HAZIRLAŞIR?Casusluqda ittiham edilmiş partiya sədrindən xəbər var14 ölkə İsraillə ticarəti məhdudlaşdıracaqLionel Messi 17-ci dəfə “Qızıl top”a namizəd olduQarabağdan Buxaraya uzanan elm yolu – Yusif Qarabağinin izi ilə – FOTO“Beş gün bir orduyla döyüşən qoçaq”!Nyu-York meriyasının 11 sentyabr yalanı – arxivlər açılırAzərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlarMüəllimlərin geyimi necə olacaq? – DETALLARUEFA Çempionlar Liqası: “Real Madrid” “İnter”i, “Mançester Siti” isə “Portu”nu üstələdiAllahşükür Paşazadənin özəl təyyarəsi var imiş… – VİDEOKİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıbİranın ətrafında 230 qırıcı hazır vəziyyətə gətirildi – ABŞ NƏYƏ HAZIRLAŞIR?Casusluqda ittiham edilmiş partiya sədrindən xəbər var14 ölkə İsraillə ticarəti məhdudlaşdıracaqLionel Messi 17-ci dəfə “Qızıl top”a namizəd olduQarabağdan Buxaraya uzanan elm yolu – Yusif Qarabağinin izi ilə – FOTO“Beş gün bir orduyla döyüşən qoçaq”!Nyu-York meriyasının 11 sentyabr yalanı – arxivlər açılırAzərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlarMüəllimlərin geyimi necə olacaq? – DETALLAR
Türk Dünyası

Qarabağdan Buxaraya uzanan elm yolu – Yusif Qarabağinin izi ilə – FOTO

Azərbaycanla Özbəkistan arasında münasibətlər yalnız müasir siyasi, iqtisadi və humanitar əməkdaşlıqla məhdudlaşmır. İki xalqı birləşdirən bağların kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Bu ortaq tarixi və mənəvi yaddaşın mühüm simalarından biri isə Qarabağda doğulub, ömrünün böyük hissəsini Mərkəzi Asiyanın elm və mədəniyyət mərkəzlərində keçirən görkəmli alim və mütəfəkkir Yusif Qarabağidir.

XVI əsrin ikinci yarısında Qarabağda ruhani ailəsində dünyaya gəldiyi bildirilən Yusif Məhəmmədcan oğlu Məhəmmədşahi ilk təhsilini doğma yurdunda alıb. Sonralar dövrünün mühüm elm ocaqlarından olan İsfahana gedərək burada tanınmış alimlərin elmi mühitindən bəhrələnib. O, xüsusilə Həbibullah Mirzəcan Şirazinin ən istedadlı tələbələrindən biri kimi tanınıb.

Mürəkkəb siyasi proseslər və elmi axtarışları onu müəllimi ilə birlikdə Mərkəzi Asiyaya aparıb. Beləliklə, Qarabağda başlayan həyat yolu Səmərqənd və Buxarada davam edib və Yusif Qarabaği bu coğrafiyanın elmi-mədəni həyatında mühüm iz qoyub.

Səmərqənddə qazandığı şöhrət

Yusif Qarabağinin elmi fəaliyyətinin mühüm mərhələlərindən biri Səmərqənd dövrü olub. Onun Səmərqənddəki fəaliyyətinin miqyasını göstərən nümunələrdən biri 1590-cı ildə tamamladığı “Haşiyeyi-Xanəgahi” əsəridir. Mənbələrin yazdığına görə, Yusif Qarabaği bu əsəri Hüseyniyyə xanəgahında ərsəyə gətirib.

Səmərqənd dövründə Qarabağinin mənəvi axtarışları da davam edib. Alimin Nəcməddin Kübranın irsi ilə bağlı “Kübraviyyə” təriqətinə qoşulduğu qeyd olunur. Bu isə onun yalnız elmi fəaliyyəti ilə deyil, dövrün mənəvi-intellektual mühiti ilə də sıx əlaqədə olduğunu göstərir.

Buxarada yüksələn elmi nüfuz

Sonralar Buxaraya köçən Yusif Qarabaği burada elmi fəaliyyətinin ən məhsuldar mərhələsini yaşayıb. Buxara xanlığında onun nüfuzu daha da artıb və alim hökmdar İmamqulu Bahadurxanın diqqətini cəlb edib. Burada tədrislə məşğul olan alim qısa müddətdə böyük nüfuz qazanıb və “Böyük Axund”, yaxud “Axundi-kəlan” adı ilə tanınıb.

Mənbələrdə İmamqulu xanın Qarabağinin elmi biliklərinə böyük ehtiram göstərdiyi, onu öz məclislərinə dəvət etdiyi bildirilir. Bu ehtiramın nəticəsidir ki, Bahadurxan onu dövlətin baş məsləhətçisi və dini nüfuz sahibi elan edib. Alim həmçinin Buxaranın elm və təhsil mühitində mühüm mövqeyə yüksələrək mədrəsələrdə dərs deyib, yeni nəsil alimlərin yetişməsinə töhfə verib.

Yusif Qarabaği bir sıra fəlsəfi əsərləri Oktyabr inqilabına qədər Orta Asiya mədrəsələrində dərs vəsaiti kimi öyrənilib. Onun adı “Mövlana-i Böyük” və “Böyük Axund” kimi fəxri adlarla çəkilib.

“Alimlərin sultanı” kimi xatırlanan şəxsiyyət

Yusif Qarabağinin öz dövründə qazandığı böyük elmi nüfuz haqqında onun müasiri Xacə Seyid Şərif Raqimin “Tarixi-Raqimi” əsərində məlumat verilir. Raqim alimi “alimlərin sultanı” adlandıraraq onun müxtəlif elm sahələrindəki biliklərini yüksək qiymətləndirib.

Tarixi mənbələrdə xüsusilə fəlsəfə və nücum sahələrində onun dövrünün seçilən alimlərindən olduğu vurğulanır. Bu məlumatlar Yusif Qarabağinin yalnız müəyyən bir sahə üzrə ixtisaslaşan alim deyil, dövrünün müxtəlif elmi istiqamətlərinə bələd olan ziyalı olduğunu göstərir.

Onun adı ədəbi yaradıcılıqla da bağlıdır. Raqim Yusif Qarabağinin şeir yazdığını və qəsidələr müəllifi olduğunu qeyd edir. Abbasqulu ağa Bakıxanov və Məhəmmədəli Tərbiyət kimi Azərbaycan ziyalılarının da onu şair kimi xatırlaması Qarabağinin elmi fəaliyyətlə yanaşı, ədəbiyyata da maraq göstərdiyini təsdiqləyir.


Yusif Qarabağinin irsi əsasən ərəb və fars dillərində yazılmış elmi əsərlərdən ibarətdir. Onun əsərləri arasında fəlsəfə, məntiq, fiqh, kəlam və dini elmlərə dair risalələr və şərhlər xüsusi yer tutur.
 

Alimin tanınmış əsərləri sırasında “Yeddi cənnət”, “Elmin tərifi haqqında risalə”, “Vacib varlığın isbatı” risaləsinə şərh, “Mübhəmliklərin aradan qaldırılmasına dair haşiyələrin tamamlanması” və digər əsərləri diqqət çəkir.

Əlyazmalar əsrlər sonra yenidən üzə çıxır

Yusif Qarabağinin irsinin öyrənilməsində ən mühüm mənbələrdən biri onun müxtəlif kitabxana və əlyazma fondlarında qorunan əsərləridir.

Bu gün alimin əsərlərinə Özbəkistan, Azərbaycan, Rusiya, İran və Türkiyədəki müxtəlif fondlarda rast gəlinir. Özbəkistan Elmlər Akademiyasının Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutunun Əlyazmalar Fondunda Yusif Qarabağiyə aid 24 əlyazmanın müəyyənləşdirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bu əlyazmalar arasında dini və fəlsəfi mövzularla yanaşı, məntiq, fiqh və digər elmi istiqamətlərə aid əsərlər də var.

Azərbaycan və Özbəkistan alimlərinin birgə araşdırması

Yusif Qarabağinin irsinin öyrənilməsi son illərdə Azərbaycan–Özbəkistan elmi-mədəni əlaqələrinin mühüm istiqamətlərindən birinə çevrilməkdədir.

2025-ci ilin martında Özbəkistan Elmlər Akademiyasının nümayəndələri Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə müraciət edərək Yusif Qarabağinin həyat və yaradıcılığının daha dərindən araşdırılması, əsərlərinin özbək dilinə tərcümə edilərək nəşr olunması və Daşkənddə yeni yaradılmış İslam Sivilizasiyası Mərkəzində alimə həsr olunmuş xüsusi guşənin yaradılmasına dəstək göstərilməsini xahiş ediblər.
 

Mədəniyyət Mərkəzi bu müraciəti diqqətdə saxlayaraq Yusif Qarabaği haqqında ilkin məlumatları toplayıb, sistemləşdirib və Azərbaycan və özbək dillərinə tərcümə edərək qarşı tərəfə təqdim edib.


Bununla yanaşı, alimin “Risalət-ül-Batiniyyə” əsərinin Azərbaycan və özbək dillərinə tərcümə edilərək nəşr olunması, onun elmi irsinin yenidən dövriyyəyə gətirilməsi, eləcə də həyat və yaradıcılığı ilə bağlı yeni arxiv araşdırmalarının aparılması təklif edilib.

2026-cı ilin fevral–mart aylarında isə Özbəkistan Elmlər Akademiyasının Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutunun üç alimi ilə görüşlər keçirilib. Aparılan ilkin araşdırmalar nəticəsində Yusif Qarabağiyə aid 24 əlyazmanın mövcudluğu müəyyənləşdirilib və həmin mənbələrin öyrənilməsi istiqamətində fəaliyyət planı hazırlanıb.

Bundan əlavə, Buxara şəhəri yaxınlığında yerləşən məqbərəsinin bərpası istiqamətində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən müxtəlif təşəbbüslər irəli sürülüb.

Məzarının yerləşdiyi məkan da tarixi yaddaşın parçasıdır

Yusif Qarabağinin həyatının son mərhələsi də Buxara ilə bağlıdır. O, 1647-ci ildə vəfat edib və Buxara ətrafında dəfn olunub.

Onun məzarının müxtəlif dövrlərdə yerinin dəyişdirildiyi bildirilir. Buna baxmayaraq, alimin xatirəsi xalq arasında qorunub saxlanılıb. “Axundi-kəlan” və “Övliyyayi-Səfidmuy” – “Ağ saçlı övliya” adları ilə tanınması onun Buxara əhalisinin yaddaşında yalnız alim kimi deyil, mənəvi şəxsiyyət kimi də yaşadığını göstərir.

Alimin oğlu Xacə Yaqubun atasının vəfatı münasibətilə yazdığı “Yaqubun gözündən Yusif getdi” ifadəsi də onun ölümü ilə bağlı məşhurlaşmış xatirələrdən biridir.

Qarabağdan Mərkəzi Asiyaya uzanan mənəvi körpü

Yusif Qarabağinin həyat yolu Azərbaycan və Özbəkistan arasındakı tarixi əlaqələrin nə qədər qədim və çoxşaxəli olduğunu göstərən nümunələrdəndir.

Qarabağda dünyaya gələn, İsfahanda elmi biliklərini zənginləşdirən, Səmərqənddə şöhrət qazanan və Buxarada böyük alim kimi tanınan Yusif Qarabağinin yaradıcılığı bu gün iki ölkənin ortaq elmi-mədəni yaddaşının mühüm hissəsini təşkil edir.
 

Yusif Qarabağinin irsinin sistemli şəkildə tədqiqi həm Azərbaycan elm tarixinin az öyrənilmiş səhifələrinin üzə çıxarılması, həm də Azərbaycan–Özbəkistan əlaqələrinin tarixi-mədəni əsaslarının daha dərindən öyrənilməsi baxımından əhəmiyyətlidir.


Əsrlər əvvəl Qarabağdan başlayaraq Səmərqənd və Buxaraya qədər uzanan bu elm yolu bu gün də iki qardaş ölkənin alimlərini bir araya gətirir. Bu mənada Yusif Qarabaği yalnız keçmişin görkəmli alimi deyil, Azərbaycan və Özbəkistan arasında əsrlərdən gələn mənəvi və elmi bağların simvollarından biridir.



Murad Əhmədov,
Bizim.Media