Dünya enerji bazarında son günlər müşahidə olunan bahalaşma tendensiyası istiqamətini dəyişib. Noyabrın 10-da neftin qiymətində eniş davam edib. Buna ABŞ prezidenti Donald Trampın İranla hərbi qarşıdurmanın genişləndirilməsinə hazırda ehtiyac görmədiyini açıqlaması ciddi təsir göstərib. Vaşinqtondan gələn bu mesaj Yaxın Şərqdə müharibənin daha da alovlanacağı və Hörmüz boğazı vasitəsilə neft daşımalarının uzun müddət iflic olacağı ilə bağlı narahatlıqları zəiflədib.
Nəticədə Brent markalı neftin qiyməti əvvəlki sessiyada 5,85 faiz ucuzlaşdıqdan sonra noyabrın 10-da da geriləyərək bir barel üçün 90 dollar həddinin altına düşüb. ABŞ-ın WTI markalı nefti də ucuzlaşma nümayiş etdirib. Qiymətlərə təkcə geosiyasi gərginliyin azalması deyil, OPEC ölkələrində hasilatın artması və dünya bazarında mümkün təklif artıqlığı ilə bağlı gözləntilər də təsir edir. Bununla belə, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı risklər hələ də qalmaqdadır.
Göründüyü kimi, Trampın Tehranla bağlı hərbi ritorikanı yumşaltması qlobal enerji bazarında qiymətlərin yenidən formalaşmasına səbəb olub.
Neftin ucuzlaşması davam edəcəkmi və bu tendensiya enerji ixracından ciddi gəlir əldə edən Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?
İqtisadçı ekspert Günay Hüseynova Musavat.com-da qeyd etdi ki, dünya neft bazarında müşahidə olunan son qiymət enişini həm geosiyasi, həm də fundamental iqtisadi amillərin qarşılıqlı təsiri ilə izah etmək olar: “Trampın İranla hərbi qarşıdurmanın genişləndirilməsinə ehtiyac görmədiyini açıqlaması Yaxın Şərqdə mümkün hərbi eskalasiya risklərini müəyyən qədər azaldıb. Nəticədə isə, neft qiymətlərinə daxil edilmiş geosiyasi risk mükafatı (GPR) aşağı enib.Lakin qiymət enişini yalnız siyasi amillərlə əlaqələndirmək düzgün olmazdı. OPEC+ ölkələrində hasilatın artması, ABŞ-da şist nefti istehsalının yüksək səviyyədə qalması və qlobal iqtisadi artım perspektivlərinin zəifləməsi bazarda təklif profisiti riskini gücləndirir. Əgər dünya üzrə neft təklifi tələbi üstələyərsə, bu, qiymətlər üzərində əlavə təzyiq yaradacağını düşünürəm. Neftin gələcək qiymət dinamikasına gəldikdə isə, qarşıdakı dövrdə bazarda yüksək volatilliyin müşahidə olunacağı gözlənilir. Hörmüz boğazında təhlükəsizlik risklərinin qalması qiymətlərin kəskin dəyişməsi ehtimalını formalaşdırır. Digər tərəfdən də, geosiyasi gərginliyin azalması və hasilatın artması Brent markalı neftin ucuzlaşmasını davam etdirə bilər. Bu səbəbdən bazarda uzunmüddətli qiymət enişindən daha çox, tələb-təklif balansından və geosiyasi hadisələrdən asılı qiymət dalğalanmaları ehtimalı yüksəkdir”.
İqtisadçı ekspertin fikrincə, baş verənlərin və mövcud proseslərin Azərbaycan iqtisadiyyatına təsirlərinə gəldikdə, bu məsələ daha həssas xarakter daşıyır: “Çünki karbohidrogen sektoru ölkənin ixrac gəlirlərinin, dövlət büdcəsinin və tədiyə balansının formalaşmasında mühüm rol oynayır. Neftin ucuzlaşması hasilat həcmi dəyişməsə belə, ixracın nominal dəyərini azaldır, valyuta daxilolmalarına və cari hesabın profisitinə təzyiq yaradır. Əsas risklərdən biri fiskal dayanıqlılıqla bağlıdır. Neft qiymətlərinin uzun müddət aşağı olması dövlət büdcəsinin neft-qaz gəlirlərini azalda, Dövlət Neft Fondunun gəlirliliyinə və büdcəyə transfer imkanlarına təsir göstərə bilər. Bununla belə, Azərbaycanın strateji valyuta ehtiyatları və Dövlət Neft Fondunun aktivləri xarici iqtisadi şokların təsirini yumşaldan mühüm maliyyə buferidir. Məsələni digər tərəfdən analiz etsək, neft gəlirlərinin azalması valyuta bazarında təklifin zəifləməsi, xarici ticarət balansının profisitinin daralması və iqtisadi artım tempinin aşağı düşməsi risklərini yarada bilər. Lakin manatın məzənnəsinin sabitliyini yalnız neft qiymətləri ilə əlaqələndirmək olmaz. Mərkəzi Bankın pul-kredit siyasəti, valyuta bazarının balansı və dövlətin fiskal siyasəti də mühüm rol oynayır. Ölkəmiz üçün əsas strateji çağırış neftin qiymətinin müvəqqəti ucuzlaşması deyil, iqtisadiyyatın struktur baxımından karbohidrogen gəlirlərindən asılılığının azaldılmasıdır. Bu baxımdan iqtisadi diversifikasiya, qeyri-neft ixracının genişləndirilməsi, sənaye istehsalının artırılması, əmək məhsuldarlığının yüksəldilməsi və özəl investisiyaların stimullaşdırılması prioritet istiqamətlər olmalıdır. Xüsusilə iqtisadiyyatdakı Holland xəstəliyi (Dutch Disease) riskinin qarşısının alınması ən vacib faktorlardan hesab olunur. Neft gəlirlərinin iqtisadiyyatda həddindən artıq dominant mövqe tutması qeyri-neft sektorunun rəqabət qabiliyyətini zəiflətməsinə şərait yaradır. Buna görə də hesab edirəm ki, resurs gəlirləri yalnız cari istehlaka deyil, yüksək əlavə dəyər yaradan istehsal sahələrinə, texnoloji modernizasiyaya və insan kapitalına yönəldilməlidir. Bir sözlə, neftin ucuzlaşması Azərbaycan üçün dərhal iqtisadi böhran təhlükəsi yaratmasa da, qiymətlərin uzun müddət aşağı səviyyədə qalması fiskal balans, valyuta daxilolmaları və makroiqtisadi sabitlik baxımından əlavə risklər formalaşdıra bilər. Ölkənin maliyyə ehtiyatları bu riskləri yumşaltmağa imkan versə də, uzunmüddətli iqtisadi təhlükəsizliyin təmin olunması qeyri-neft sektorunun inkişafından, ixrac potensialının genişləndirilməsindən və resurs gəlirlərinin səmərəli idarə olunmasından birbaşa asılıdır. Ölkəmizin iqtisadi dayanıqlılığının əsas göstəricisi neftin dünya bazarında hansı qiymətə satılması deyil, əldə olunan resurs gəlirlərinin nə dərəcədə səmərəli idarə olunması və həmin gəlirlərin rəqabətqabiliyyətli, şaxələndirilmiş iqtisadi modelə transformasiya edilməsidir. Əsl iqtisadi dayanıqlılıq neftin 100 dollar olduğu dövrdə yüksək gəlir əldə etməkdən daha çox, qiymətlərin 60–65 dollar səviyyəsinə düşdüyü şəraitdə belə makroiqtisadi sabitliyi və davamlı iqtisadi artımı qoruyub saxlamaq qabiliyyətidir”.
Cavanşir Abbaslı, musavat.com