25 sentyabr 1970-ci ildə İsveçrənin Lokarno şəhərindəki Sankt Anyes xəstəxanasında bir yaraşıqlı qoca 72 yaşında dünyaya gözlərini yumdu. Bu, dünyaşöhrətli alman yazıçısı və pasifist, XX əsrin “itirilmiş nəsil” nümayəndəsi hesab olunan, qadın ürəyinin fatehi romantik ERİX MARİYA REMARK idi.
E.M.Remark 22 iyun 1898-ci ildə Almaniyanın Osnabrük şəhərində fəhlə ailəsində dünyaya göz açıb.
1916-cı ilin noyabrında orduya çağırılıb, hərbi hazırlıq keçdikdən sonra həmin ilin iyununda Qərb cəbhəsinə göndərilib. 1917-ci ilin iyulunda ağır yaralandığı üçün hərbi xəstəxanaya yerləşdirilib və barışıq imzalanana qədər orada qalıb. Müharibədən sonra Remark bir neçə il ibtidai sinif müəllimi işləyib. 1921-ci ildən sonra Hannover və Berlində jurnalist kimi fəaliyyət göstərib.
Remarkın müharibə haqqında yazdığı əsərlərin bu qədər böyük uğur qazanmasının başlıca səbəblərindən biri onların yazıçı təxəyyülünün məhsulu deyil, müəllifin öz gözləri ilə şahidi olduğu hadisələrə əsaslanmasıdır. Müharibənin bütün ağrı-acısını öz taleyində yaşamış yazıçı əsərlərində bu həqiqətləri son dərəcə səmimi və inandırıcı şəkildə əks etdirə bilib.
Bir sıra Avropa ölkələri, həmçinin ABŞ ilə yanaşı, keçmiş SSRİ məkanında da böyük populyarlıq qazanmış yazıçı bütün sovet dövrü ərzində əsərləri rus dilinə ən çox tərcümə edilən və ümumi tirajı 13 milyon nüsxəni ötən nadir xarici müəlliflərdən biri olub. Vaxtilə doğma vətəni Almaniyada nasistlər tərəfindən kitabları yandırılıb, vətəndaşlıqdan məhrum edilib, lakin o, heç zaman əqidəsindən dönməyib.
Ömrünün son illərini İsveçrənin Porto Ronko qəsəbəsində keçirən Remark, ağır ürək xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, yazıçılıq fəaliyyətini davam etdirib. O, Porto Ronko qəbiristanlığında katolik ayini ilə dəfn olunub.

HƏYATI HAQQINDA MARAQLI FAKTLAR
✓ Kolleksiya həvəsi: Zəngin kəpənək və marka kolleksiyası olub.
✓ Təsviri sənət: İncəsənətlə, xüsusilə rəssamlıqla yaxından maraqlanıb, uşaqlıq və gənclik illərində özü də rəsmlər çəkib. Rəsm kolleksiyasında Renuar və Van Qoq kimi dahi rəssamların orijinal əsərləri yer alıb.
✓ Musiqi istedadı: Fortepiano və orqanda peşəkar səviyyədə çalmağı öyrənib. Bioqraflar onun müxtəlif müsahibə və məktublarına əsasən, əsərlərini məhz musiqi sədaları altında yazdığını qeyd edirlər.
✓ Kübar tərzi: Zövqlə geyinməyi sevir və bunu çox yaxşı bacarırdı. İri qalstuklar və Panama papaqları onun ən sevimli aksesuarları olub.
✓ Anaya sevgi: Anasının ölümündən sonra onun əziz xatirəsinə dərin ehtitam əlaməti olaraq özünün ikinci adı olan “Pol”u “Mariya” ilə əvəz edib. Beləliklə, Erix Pol Remark Erix Mariya Remarka çevrilib.
✓ Çətin günlər: Müharibədən sonra dolanmaq üçün qısa müddət səyyar satıcı kimi küçələrdə parça satıb, həmçinin məzar daşları hazırlayan bir şirkətdə çalışıb. Daha sonra bir reklam agentliyində reklam mətnləri və komikslər tərtib edib.
✓ Yazı vərdişi: Əsərlərini yalnız iti yonulmuş sadə karandaşla yazardı.
✓ Altı həftəlik şedevr: Bəzi araşdırmaçıların fikrincə, yazıçı dünyanı lərzəyə gətirən “Qərb cəbhəsində yenilik yoxdur” romanını cəmi altı həftəyə yazıb. Bu roman qısa müddətdə 1.5 milyon nüsxə satılaraq böyük uğur qazanıb. Məhz bu əsərə görə nasistlər ona “vətən xaini” damğası vurublar və kitab 1933-cü ildə nümayişkaranə surətdə yandırılıb. Remark məlum kitabın qonorarı ilə əntiq əşyalar alaraq kolleksiyasını genişləndirib.
✓ Bacısının edamı: 1943-cü ildə yazıçının bacısı Elfride nasistlər tərəfindən həbs olunub. Hakim Roland Frayzler məhkəmədə ona: “Qardaşınız qurtula bildi, amma siz əlimizdən qaça bilməyəcəksiniz” deyərək gilyotinlə edam hökmü çıxarıb. Edamdan sonra nasistlər cəlladın pulunu ödəmək üçün Remarkın ünvanına rəsmi hesab qəbzi göndəriblər.
✓ Məşhur dostlar: Çarli Çaplin və Ernest Heminquey ilə çox yaxın dostluq əlaqələri olub.
MARLEN DİTRİX: FACİƏ, yoxsa TALEYİN HƏDİYYƏSİ
Bu, XX əsrin ən çox danışılan və müzakirə edilən sevgi hekayətlərindən biridir. Görəsən, necə oldu ki, yazıçı aktrisaya dəlicəsinə aşiq oldu, ömrünün sonuna kimi onu sevsə də, bu məhəbbət izdivacla nəticələnmədi…
Tanışlıqları lap kinolardakı kimi oldu. 1937-ci il idi. “Mavi mələk” filmində baş rolda oynayan və artıq dünya ulduzu olan Marlen Ditrix açıq şəkildə alman faşizminə qarşı çıxışlar edirdi. O, Üçüncü Reyxin siması olmaqdan imtina etmişdi. Artıq Almaniyada yaşamaq istəmirdi. ABŞ-yə mühacirət etməyi planlaşdırırdı.
Həmin vaxtlar yazıçı kimi istedadlı, həm də bir kişi kimi son dərəcə yaraşıqlı olan Erix Mariya Remark “Qərb cəbhəsində yenilik yoxdur” romanını yenicə oxuculara təqdim etmişdi və doğma vətəni Almaniyada təqib olunurdu. Bütün dünya Remarkı cəhənnəmdə sağ qalmağı bacararaq bütün həqiqətləri dünyaya çatdıran bir qəhrəman kimi tanıyırdı. Ədəbiyyat üzrə Nobel mükafatı ala bilərdi, lakin təəssüf ki, siyasi şərtlər ədibin əleyhinə işləyirdi.
Marlenlə ilk görüşü Venesiyada olmuşdu. Restoranda nahar edən Remark yan masada rejissor Sternberqlə Marlen Ditrixin əyləşdiyini görüb, nəzakət xatirinə salamlaşmaq üçün onlara yaxınlaşıb. Sonralar Marlen xatirələrində belə yazacaqdı: “Məktəbli qız kimi həyəcanlı idim. Yazıçı əlimə toxunanda əsirdim, səsim titrəyirdi. Ona “Belə romanlar yazmaq üçün siz axı çox gəncsiniz” deyəndə, mənə “Bəlkə də sizin sehrli səsinizi eşitmək üçün bunu yazmışam” deyə cavab verdi”. Rejissor Sternberq masada özünü artıq adam hesab edib, ayağa durub və onlarla sağollaşıb.
Aktrisanın bir çox sevgi macəraları olsa da, o, yalnız ərini və bir də Remarkı həqiqi sevgi ilə sevmişdi. Yaraşıqlı yazıçı ilə gözəl Marlen 3 ay ayrılmayıblar. Bir-birinə mehribanlıq göstərir, bütün günü birlikdə keçirir, çoxlu kitab oxuyur, müzakirələr aparır, sadəcə olaraq, bir-birinin varlığından sərxoş olaraq xoşbəxt yaşayırdılar.
Marlen xatirələrində yazırdı: “Mən bu adamı dəlicəsinə sevirdim. Aman Allah, necə də xoşbəxt idim onunla…”.
Aktrisa açıq şəkildə nifrətlə Hitlerin əleyhinə olduğuna görə artıq Almaniyada qala bilməzdi və o, ABŞ-yə köçəndə Remarkdan ayrılmaq məcburiyyətində qaldı. Lakin onlar uzun müddət məktublaşdılar. Uzaqdan yazılan bu sevgi məktubları qəlblərini isidir, ürəklərindəki alovu sönməyə qoymurdu.
1940-cı ildə Marlen işləri elə tənzimlədi ki, Remark onun yanına gedə bilsin. Elə də oldu. Yazıçı sevdiyi qadının qonşuluğunda ev kirayə tutdu. Lakin necə deyərlər, sən saydığını say, gör fələk nə sayır…
Əsas problem Marlenin rəsmən ərdə olması idi. Aktrisa yazıçı üçün dəli-divanə olsa da, əri Rudolf Ziberdən boşanmaq istəmirdi. Onların izdivacı ənənəvi evliliklərdən deyildi. Ər-arvad kimi çox qısa müddət həyat sürüblər, lakin çox möhkəm dost olublar. Rudolf Marlenin həyatında hər bir çətinlik anında kömək istəyə biləcəyi ən doğma insan idi. Rəsmi boşanmasalar da, hər birinin öz şəxsi həyatı vardı. Remark isə Marleni qanuni həyat yoldaşı kimi görmək, sevgili yox, əsl ər olmaq istəyirdi. Onun üçün ölümə getməyə belə hazır idi.
Marlen heç vaxt kişi diqqətindən kənarda qalmayan, daim ətrafında pərəstişkarları olan bir ilahə idi. Remark onu dəlicəsinə qısqanırdı. “Zəfər tağı”ndakı baş qəhrəman qadın Marlenin prototipidir. Məhz bu romanın nəşrindən sonra onların arasından, necə deyərlər, “su keçdi”. “İşləmək lazımdır, işləmək! Pumadan uzaq durmalıyam” – Erix Mariya gündəliyində yazırdı. O, Marleni “Puma” deyə çağırırdı. Bəzən ona “mənim mavi arzum” deyirdi. “Zərif meymunçam”, “şirin bibərim” də Remarkın Marlenə xitablarından idi.
Remark daha dözə bilməyib, sonuncu dəfə Marlenə evlilik təklif edəndə aktrisa onun ürəyini parçalayacaq sözlər deyir. Yazıçı sarsılır. Beynində, ürəyində hər şey darmadağın olur. Marleni unutmaq üçün cürbəcür qadınlarla sevgi macəralarına başlayır.
Bu ərəfədə Remark ona daim sadiq qalan arvadı İlza Yutta Tsambonedən boşanır. Yeri gəlmişkən, “Üç yoldaş” romanındakı Pat obrazı məhz Yuttanın prototipidir. Marleni daha ram edə bilməyən yazıçı Çarli Çaplinin keçmiş arvadı Polet Qoddarla evlənir. Bu qadına yazıçının pulları, yazıçıya isə baş dincliyi lazım idi. Poleti sevməsə də, onun yanında özünü uşaq kimi rahat hiss edirdi.
25 sentyabr 1970-ci ildə Remark vəfat etdi. Bir həftə əvvəl “Puma” ona sonuncu məktubunu yazmışdı, lakin “məktub yetişmədi”. “Əziz “Alfredim”, qəlbimi bütünlüklə sənə göndərirəm, − yazırdı aktrisa.
Onun Remarka yazdığı məktublar çox olub, lakin… Yazıçının dəfnindən sonra arvadı Polet qəbrin üstünə qoyulmuş al-qırmızı güllərdən ibarət gözqamaşdırıcı buket və üstündə “Əlvida, əzizim! Marlendən” yazılmış kağız tapır. Bu mənzərədən qəzəblənən Polet aktrisanın evdə saxlanılan bütün sevgi məktublarını yandıraraq külə çevirir.
“Düşünürəm ki, biz bir-birimizə hədiyyə idik və lap vaxtında rastlaşdıq. Biz bir-birimizi gözləyə-gözləyə çox əzab çəkdik. Çox gözəl keçmişimiz oldu səninlə, amma üfüqdə heç bir gələcək görünmürdü bizə”. Bunu ömrünün son günlərində “Zərif meymunça”sı Remarkla olan günlərini xatırlayaraq yazmışdı…

REMARKIN SİTATLARI
✓ Bircə əmrlə bu səssiz-səmirsiz adamlar düşmənimizə çevrildilər. Bir başqa əmrlə yenidən dostumuza çevrilə bilərlər.
✓ Bir nəfərin ölümü elə ölümdür, iki milyonun ölümü isə statistikadır.
✓ Yalnız zəiflər qəddar olurlar. Zəriflik və nəcabət güclülərə xas keyfiyyətdir.
✓ Axmaq doğulmaq eyib deyil. Axmaq ölmək eyibdir.
✓ Biz ölmürük. Ölən yalnız zamandır.
✓ Bu kitab nə ittihamdır, nə də etiraf; bu, sadəcə, müharibənin məhv etdiyi bir nəsildən bəhs edən əsərdir (“Qərb cəbhəsində yenilik yoxdur” əsəri haqqında).
✓ Çox qəribədir ki, hisslərimizi büruzə verməmək üçün biz həyatı necə də qəlizləşdiririk.
✓ Başını aşağı əyərək dəhşətə dözmək mümkündür. Lakin bu haqda düşünməyə başlamaq insanı məhv edir.
✓ Dünyadakı bədbəxtliklərin və fəlakətlərin baisi kiçik adamlar olur. Onlar böyük adamlardan daha amansız, daha qəddardırlar.
Tərtib və tərcümə:
AYGÜN ƏZİZ