2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti sektoruna 2 milyard 348,3 milyon manat investisiya yönəldilib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən bu istiqamətdə 1.6% azalma olub. Bu məbləğdən mənzil tikintisinə isə 1 milyard 584,3 milyon manat xərclənib. 2025-ci ilin eyni dövrünə nisbətən bu istiqamətdə 3,4% artım qeydə alınıb.
2026-cı ilin sonuna qədər tikinti bazarında hansı dəyişikliklər gözlənilir və bu dinamika mənzil qiymətlərinə necə təsir edə bilər?
Mövzu ilə bağlı açıqlama verən əmlak eksperti Firdovsi Xəlilov qeyd edib ki, rəsmi iqtisadi hesabatların dili və təqdimat forması bəzən kifayət qədər mürəkkəb və yorucu görünür:
“Amma bəzən həmin quru rəqəmlərin arxasında detektiv filmlərinə bənzər bir mənzərə və milyardlarla manatlıq böyük iqtisadi fürsət gizlənir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti sektoruna 2 milyard 348,3 milyon manat investisiya yönəldilib. Bunun 1 milyard 584,3 milyon manatı mənzil tikintisinin payına düşüb. İlk baxışdan kifayət qədər böyük rəqəmdir. Lakin bu göstəricilərə bir qədər dərindən baxdıqda, tikinti sektorunun qarşısında həm ciddi problemlərin, həm də böyük iqtisadi potensialın olduğu görünür. Niyə dünya iqtisadiyyatlarında böhran dövrlərində tikinti sektoruna xüsusi diqqət yetirilir? Çünki inşaat yalnız beton və kərpicdən ibarət deyil. Bu sahə sement, metallurgiya, boya, mebel, logistika, layihələndirmə və digər onlarla yardımçı sektoru hərəkətə gətirən mühüm iqtisadi çarpandır. Məsələn, 1 milyon dollar həcmində tikinti investisiyasının birbaşa və dolayı yolla yeni iş yerlərinin yaranmasına, eləcə də müxtəlif sahələrdə əlavə iqtisadi dövriyyənin formalaşmasına təsir etdiyi hesablanır. Buna görə də tikintiyə yönəldilən vəsait yalnız inşa edilən binaların dəyəri kimi qiymətləndirilməməlidir”.
Ekspert bildirib ki, 2 milyard 348,3 milyon manatlıq tikinti investisiyasının 1 milyard 584,3 milyon manatı mənzil tikintisinə yönəldilib:
“Qalan təxminən 764 milyon manat isə digər tikinti istiqamətlərinin payına düşür. Buraya infrastruktur, yollar, boru xətləri, sənaye və digər qeyri-yaşayış obyektləri daxildir. Mənzil tikintisinin özündə də bütün vəsaiti birbaşa kütləvi mənzil bazarına aid etmək mümkün deyil. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış layihəsi çərçivəsində dövlət vəsaiti hesabına kənd və şəhər massivlərinin inşası mühüm paya malikdir. Bu layihələr strateji dövlət proqramlarıdır və klassik mənzil alqı-satqısı bazarından fərqlənir. Bundan başqa, Xəzər sahilindəki yüksək seqmentli yaşayış və resort layihələri də ümumi mənzil tikintisi statistikasına daxil olur. Lakin onların hədəf auditoriyası əsasən yüksək gəlirli şəxslər və investorlar olduğundan, bu layihələri əhalinin kütləvi mənzil ehtiyacının ödənilməsi ilə eyniləşdirmək doğru olmaz.
Digər tərəfdən, tikilən binaların ümumi sahəsinin hamısı yaşayış sahəsi deyil. Qarajlar, pilləkənlər, texniki sahələr və kommersiya obyektləri də tikinti statistikasına daxil edilir. Bu səbəbdən investisiya həcmini birbaşa mənzil sayına çevirmək müəyyən düzəlişlər tələb edir. Məsələn, orta hesabla 1 kvadratmetr tikinti sahəsinin 750 manat maya dəyərinə başa gəldiyini və tikililərin müəyyən hissəsinin yaşayış sahəsi olmadığını nəzərə alsaq, əhalinin kütləvi mənzil ehtiyacını ödəyən real yaşayış sahəsinin statistikada göstərilən ümumi rəqəmdən xeyli aşağı olduğu görünür. Orta mənzil sahəsini 98 kvadratmetr götürdükdə, aparılan bu hesablamalar 7 ay ərzində təxminən 6 778 mənzilin kütləvi yaşayış ehtiyacına uyğun tikildiyini göstərir. Bu temp dəyişməz qalsa, il ərzində tikilən mənzillərin sayı təxminən 11 600 ola bilər. İllik 50 min mənzillik tələbat təsadüfi rəqəm deyil. Ölkədə hər il təxminən 50-54 min yeni nikah qeydə alınır. Bu isə hər il on minlərlə yeni ailənin formalaşması və yeni yaşayış sahəsinə ehtiyacın yaranması deməkdir. Boşanmalar da mənzil bazarına əlavə təzyiq yaradır. İl ərzində təxminən 19-21 min boşanmanın qeydə alınması nəticəsində əvvəllər bir mənzildə yaşayan ailənin iki ayrı yaşayış sahəsinə ehtiyacı yarana bilər. Bu, həm satış, həm də icarə bazarında əlavə tələb formalaşdırır. Daxili miqrasiya və urbanizasiya da prosesə təsir göstərir. Təhsil, iş və biznes imkanları səbəbindən regionlardan Bakı, Sumqayıt və Abşeron istiqamətində hərəkət edən əhali bu ərazilərdə mənzil tələbatını artırır. Əgər illik tələbat 50 min mənzil və orta mənzil sahəsi 98 kvadratmetr qəbul edilərsə, ildə təxminən 4,9 milyon kvadratmetr yeni yaşayış sahəsinə ehtiyac yaranır. Hər kvadratmetr üçün 750 manatlıq maya dəyəri götürüldükdə, bu tələbatın qarşılanması üçün təxminən 3,675 milyard manat illik investisiya tələb olunur”.
Firdovsi Xəlilov söyləyib ki, burada başqa bir vacib məsələ də ortaya çıxır:
“Azərbaycanda ümumilikdə nə qədər yaşayış sahəsi var? Bu suala cavab verərkən müxtəlif mənbələrin fərqli yanaşmaları ilə qarşılaşırıq. Daşınmaz əmlakın dövlət reyestri yalnız qeydiyyatdan keçmiş əmlakları əhatə edir və sənədsiz tikililər bu statistikadan kənarda qala bilər. Dövlət Statistika Komitəsinin məlumatları isə mənzil fondunun ümumi vəziyyətini göstərir, lakin qeydiyyat və uçot xüsusiyyətləri səbəbindən tam mənzərəni əks etdirməyə bilər. Bu baxımdan kommunal abonent bazaları da yaşayış vahidlərinin sayını qiymətləndirmək üçün əlavə mənbə kimi nəzərdən keçirilə bilər. Çünki faktiki yaşayışın olduğu əksər ünvanlarda elektrik enerjisi abonentliyi mövcuddur. Digər böyük problem isə mövcud mənzil fondunun yaşlanmasıdır. Ölkədə sovet dövründən qalan panel binalar, xruşovkalar, stalinkalar və köhnə yataqxanalar uzun illərdir istismar olunur. Bu binaların bir hissəsində həm konstruktiv, həm də mühəndis-kommunikasiya problemləri mövcuddur.
Bununla yanaşı, 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində şəhərsalma və tikinti normalarına tam əməl edilmədən inşa edilmiş fərdi və çoxmənzilli tikililər də mənzil fondunun keyfiyyəti ilə bağlı suallar yaradır. Bəzi ərazilərdə qrunt sularının səviyyəsi, bataqlıq sahələr və digər coğrafi risklər də yaşayış üçün əlavə təhlükələr formalaşdırır.
Beləliklə, qarşıda iki paralel problem dayanır: bir tərəfdən yeni mənzilə olan illik tələbatı ödəmək, digər tərəfdən isə köhnəlmiş mənzil fondunu yeniləmək. Rəqəmləri müqayisə etdikdə mənzərə daha aydın görünür. İllik təxminən 50 min mənzil tələbatına qarşı mövcud tikinti tempi təxminən 11-12 min mənzil səviyyəsində qalırsa, hər il on minlərlə mənzillik potensial kəsir yaranır. Bunun üzərinə köhnəlmiş və yenilənməyə ehtiyacı olan mənzil fondu da əlavə olunur. Bu mənzərəni iki cür qiymətləndirmək mümkündür. Birinci yanaşma bədbindir: investisiya çatışmazlığı, məhdud təklif və yüksək tələbat mənzil bazarında qiymətlərin aşağı düşməsinə imkan vermir.
İkinci yanaşma isə daha stratejidir. Bu rəqəmlər yalnız problem deyil, eyni zamanda Azərbaycanın qarşısında duran böyük iqtisadi fürsətdir. Tikinti sektorunda institusional islahatların aparılması, ipoteka imkanlarının genişləndirilməsi, əlçatan mənzil proqramlarının artırılması və genişmiqyaslı renovasiya mexanizmlərinin yaradılması həm mənzil probleminin həllinə, həm də iqtisadi artıma ciddi töhfə verə bilər. Çünki tikintiyə qoyulan investisiya yalnız yeni binaların yaranması demək deyil. Bu, yeni iş yerləri, əlavə vergi gəlirləri, tikinti materialları istehsalının artması, logistikanın genişlənməsi, xidmət sektorunun canlanması və nəticədə qeyri-neft iqtisadiyyatının böyüməsi deməkdir. Ona görə də Azərbaycanın mənzil bazarındakı kəsiri yalnız sosial problem kimi deyil, eyni zamanda böyük iqtisadi potensial kimi qiymətləndirmək mümkündür. Qarşıdakı illərdə düzgün investisiya mexanizmləri qurularsa, tikinti sektoru ölkə iqtisadiyyatının ən mühüm artım mənbələrindən birinə çevrilə bilər”.//Demokrat.az