Rusiyanın ən tanınmış müstəqil nəşrlərindən biri olan “Novaya qazeta” fəaliyyətini dayandırdığını elan edib. Redaksiya bu qərarın Rusiya hakimiyyətinin və xüsusi xidmət orqanlarının uzun illər davam edən təzyiqləri nəticəsində qəbul edildiyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə qəzetin jurnalistləri birgə bəyanat yayıblar.
“Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcəyik, serverləri bağlayıb gedəcəyik. Qəzet artıq yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdilər”, – deyə bəyanatda bildirilir.
Məlumata görə, redaksiya Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən binasından çıxarılır.
Qəzetlə birlikdə həmin binada fəaliyyət göstərən, 2006-cı ildə qətlə yetirilmiş məşhur jurnalist Anna Politkovskayanın muzeyi də bağlanacaq.
Redaksiya əməkdaşlarının sözlərinə görə, binadan çıxarılma barədə məktub onlara oxucuların ianə göndərməsi üçün istifadə olunan sistemin fəaliyyətinin dayandırılması ilə eyni vaxtda çatdırılıb.
Jurnalistlər bildirirlər ki, bu, qəzetə qarşı təzyiqlərin yalnız son mərhələsidir.
Bəyanatda “Novaya qazeta”nın internet resurslarının bloklanması, mətbəəsinin əlindən alınması, kütləvi informasiya vasitəsi kimi qeydiyyatına maneələr yaradılması və nəşrin buraxılışına məhdudiyyətlər qoyulması da xatırladılır.
Təzyiqlər nəticəsində redaksiya əməkdaşlarının bir hissəsi Rusiyanı tərk etmək məcburiyyətində qalıb.
“Novaya qazeta”nın tarixində jurnalistlərin qətlə yetirilməsi də xüsusi yer tutur.
Redaksiya bəyanatında müxtəlif illərdə həyatını itirmiş həmkarları İqor Domnikov, Yuri Şekoçixin, Anna Politkovskaya, Stanislav Markelov, Anastasiya Baburova və Natalya Estemirovanın adlarını xatırladıb.
Redaksiya qəzetin baş redaktoru, Nobel Sülh Mükafatı laureatı Dmitri Muratova qarşı hücumu da yada salıb.
Bildirilib ki, həmin hücum nəticəsində Muratov az qala görmə qabiliyyətini itirəcəkdi.
Bundan başqa, qəzetin bir sıra əməkdaşlarının Rusiya hakimiyyəti tərəfindən “xarici agent” elan edilməsi də təzyiq vasitələrindən biri kimi göstərilib.
Dmitri Muratov isə qəzetin bağlanmasına son dərəcə sərt münasibət bildirib.
“Biz ölmədik, onlar bizi öldürdülər – Konstitusiya ilə birlikdə”, – deyə Nobel mükafatçısı vurğulayıb.
Qeyd edək ki, “Novaya qazeta” uzun illər Rusiyada hakimiyyətin fəaliyyətini, korrupsiya hallarını, xüsusi xidmət orqanlarını və insan hüquqlarının pozulmasını araşdıran ən nüfuzlu müstəqil nəşrlərdən biri olub.
Dmitri Muratov 2021-ci ildə ifadə azadlığının müdafiəsi istiqamətində fəaliyyətinə görə Nobel Sülh Mükafatına layiq görülüb.