Əslən Cənubi Azərbaycandan olan, Böyük Britaniyanın məşhur müğənnisi Sami Yusif “Qarabağımsan” adlı musiqi kompozisiyasını təqdim edib.
Musavat.com bildirir ki, müğənni bununla bağlı sosial media hesablarında paylaşım edərək, əsərin rəsmi audio yazısının beş illik gözləntidən sonra, nəhayət, dinləyicilərə təqdim olunduğunu qeyd edib:
“Həyatın sevinc və kədərləri ilə baş etməyin yeganə yolunu musiqidə görürəm. Qarabağda müharibə başlayanda mən də öz hisslərimi bu əsərlə ifadə etdim.
Bu əsər Qarabağın insanlarına və o gözəl diyara ünvanlanmış sevgi məktubu, sevgi nəğməsidir. Bülbüllər diyarı olan bu torpaq Azərbaycan musiqisinə ən böyük səslərindən bir çoxunu bəxş edib.
Əsərin sözləri istedadlı Aytən İsmixanovaya məxsusdur. Bu əsərin ruhunu və qəlbini özündə daşıyan sözlərə görə Aytənə təşəkkür edirəm!
Əsəri COVID-19 pandemiyası dövründə tamamilə məsafədən yazdıq. Musiqiçilər və xor üzvləri müxtəlif günlərdə və gecələrdə öz ifalarını lentə aldılar. Onların bir çoxu Dövlət Filarmoniyasının üzvləri, digərləri isə ənənəvi Azərbaycan musiqi alətlərinin tanınmış ustalarıdır.
Bütün bu ayrı-ayrılıqda yazılmış ifaları bir araya gətirərək vahid, canlı və bütöv bir əsər yaratmaq olduqca böyük zəhmət tələb edirdi. Biz çətinliklərə sinə gərdik və birlikdə ərsəyə gətirdiyimiz işlə qürur duyuram.
Bu əsəri sifariş edən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, xüsusilə də layihənin əsas hərəkətverici qüvvəsi olan professor Sevda Məmmədəliyevaya səmimi təşəkkürümü bildirirəm.
Həmçinin öz sənətkarlıqlarını bu əsərə bəxş edən bütün istedadlı musiqiçilərə və solistlərə minnətdaram. Siz olmasaydınız, bu musiqi heç vaxt həyata vəsiqə qazana bilməzdi.
Son olaraq, lakin heç də az əhəmiyyət daşımayan bir təşəkkürümü Qarabağın dözümlü və böyük ürəkli insanlarına, eləcə də Azərbaycanın bütün xalqına ünvanlayıram. Fədakarlıqlarınıza və haqq olan uğrunda sarsılmaz mübarizənizə görə sizə təşəkkür edirəm. Bu mahnı sizə məxsusdur! Sevgi və minnətdarlıqla… “