“Vəfat etdikdən sonra orqanlarım ehtiyacı olanlara bağışlansın” deyənlər artır – İslam nə deyir?
Azərbaycanda 1500-dən çox şəxsin orqan və toxuma transplantasiyasına ehtiyacı var. Bu barədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib. Məlumata görə, həmin şəxslərin böyrək, qaraciyər, ürək, sümük iliyi və buynuz qişa transplantasiyasına ehtiyacı var.
2026-cı ilin ilk doqquz ayında beş meyit donordan götürülmüş 25-dən çox orqan və toxuma transplantasiya məqsədilə köçürülüb.
Mərkəzdən bildirilib ki, Azərbaycanda ölümündən sonra orqan və toxumalarının donorluğuna könüllü razılıq verən şəxslərin sayı 1800-ə yaxındır. Vətəndaşlar sağlıqlarında rəsmi ərizə ilə və ya onlayn qeydiyyatdan keçərək buna razılıq verə bilirlər.
Bəs İslam dini ölümdən sonra orqanlarını bağışlamağa necə yanaşır? Başqa bir insanın həyatını xilas etmək üçün bu addım bəyənilirmi?
İlahiyyatçı -alim Samid Quliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: ” İslam dinində insan həyatının qorunması ən mühüm məqsədlərdən biridir. Bu baxımdan, insanın ölümündən sonra orqanlarının başqa bir xəstənin həyatını xilas etmək və ya sağlamlığını bərpa etmək məqsədilə bağışlanması məsələsinə prinsipial olaraq müsbət yanaşmaq mümkündür.
Qurani-Kərimin təbirincə desək kim bir canı yaşadarsa, sanki bütün insanları yaşatmışdır. Bu fikir insan həyatının qorunmasının İslamda nə qədər ali dəyər daşıdığını göstərir. Buna görə də ölümündən sonra orqanlarının ehtiyacı olan insanlara köçürülməsinə əvvəlcədən razılıq verən şəxsin bu niyyətini insan həyatına xidmət edən xeyirxah əməl kimi qiymətləndirmək olar.
Lakin bunun da müəyyən dini və etik şərtləri var. Donorun razılığı olmalı, ölümün tibbi baxımdan dəqiq müəyyənləşdirilməsi təmin edilməli, insan bədəninin toxunulmazlığına və meyitə hörmət qorunmalı, orqan alverinə və maddi istismara yol verilməməlidir”.
İlahiyyatçı-alimə görə, bir insanın həyatda ikən ölümündən sonra orqanlarını bağışlamaq barədə iradə bildirməsi, əgər məqsəd başqa bir insanın həyatını xilas etməkdirsə, İslamın canın qorunması, fədakarlıq, mərhəmət və insanlığa xidmət prinsipləri baxımından müsbət dəyərləndirilə bilər. Bir sözlə, insan öldükdən sonra belə onun iradəsi ilə başqa bir insana həyat bəxş etməsi İslamın həyatın müqəddəsliyinə verdiyi dəyərlə uyğunlaşdırıla bilən bir xeyirxahlıq nümunəsidir”.